Alimlərin son kəşfi gündəm olub.
Medtime.az Sfera.az-a istinadən bildirir ki, yeni araşdırmaya görə, sadə bir tüpürcək testi ilə ölüm tarixi proqnozlaşdırıla bilər. Sözügedən məsələ DNT-dəki dəyişiklikləri təhlil etməklə mümkündür.
Belə ki, elm adamları 1921-1936-cı illər arasında doğulmuş 1513 kişi və qadın üzərində araşdırma aparıblar. Təhlil nəticəsində məlum olub ki, DNT-də baş verən dəyişikliklər ölümlə əhəmiyyətli dərəcədə bağlıdır. Bu üsul ölən insanlar üzərində sınaqdan keçirilib. Tədqiqatçılar gələcəkdə canlı insanlar üzərində də sınaqlar keçirməyi hədəflədiklərini bildiriblər. Məlumata görə, ağızdan götürülən nümunə ilə insanın nə vaxt öləcəyini təxmin etmək olar.
Nyu-Yorkda yerləşən “Tally Health” biotexnologiya şirkətinin komandası isə yanaq hüceyrələri vasitəsilə bioloji yaşı hesablaya bilən "CheekAge" adlı epigenetik saat hazırlayıb. “Bath” Universitetinin professoru Adel Murrell bildirib ki, “CheekAge”in insanın öləcəyi günü və hətta ili proqnozlaşdıra biləcəyinə dair heç bir sübut yoxdur. London Kral Kollecinin professoru Dusko İliç isə "Bu cür konkret proqnozlar yerinə ehtimala əsaslanan risk qiymətləndirmələri aparıla bilər”, deyə qeyd edib. Onun sözlərinə görə, dəqiq bir proqnozun verilməsi mümkün deyil.
Mütəxəssislər qeyd edirlər ki, “CheekAge” saatı ölüm tarixini proqnozlaşdırmamalıdır, sağlam qocalmanı uzatmağa yönəlmiş tədqiqatlar çərçivəsində istifadə edilməlidir.