Uşaqlarda insulindən asılı diabetə qarşı dərman kəşf edildi

Kardiff Universiteti, London Kral Kolleci, Suonsi Universiteti və Kalqari Universitetinin alimləri yeni kəşfə imza atıblar.

 

MEDTİME.AZ Medicina.az-a istinadən xəbər verir ki, onlar sedef xəstəliyinin müalicəsində istifadə edilən “ustekinumab” adlı dərmanın uşaq və yeniyetmələrdə 1-ci tip şəkərli diabetin ilkin mərhələlərinin müalicəsində təsirli olduğunu müəyyən ediblər.

 

Araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

 

“Ustekinumab” 1-ci tip şəkərli diabetdə orqanizmin insulin istehsal etmək qabiliyyətini qoruyub saxlayır ki, bu da gələcəkdə xəstəliyin insulinsiz müalicəsi üçün əsas ola bilər.

Dərman insulindən asılı diabetə səbəb olan spesifik immun hüceyrələrinə (Th17) təsir göstərir. Bu da insulin istehsal edən hüceyrələrin məhv edilməsinin qarşısının alınmasında immunoterapiyanın rolunu dəstəkləyir.

 

Klinik sınaqda “ustekinumab” yeni diaqnoz qoyulmuş 1-ci tip diabetli 12-18 yaş arasında olan 72 yeniyetmədə sınaqdan keçirilib. Dərman qanda insulin istehsal edən hüceyrələrin məhv edilməsində mühüm rol oynayan Th17.1 hüceyrələri adlı kiçik bir immun hüceyrə qrupunun səviyyəsini azaltmaqda təsirli olub.

 

Tədqiqatın nəticələri göstərib ki, dərmanın 12 aylıq istifadəsindən sonra C-peptid səviyyələri (bədənin insulin istehsalının ölçüsü) 49 faiz artıb. Bu, 1-ci tip diabetin inkişafında Th17 hüceyrələrinin rolunu təsdiqləyir və bu xəstəliyin müalicəsində ustekinumabdan istifadənin faydasını nümayiş etdirir.

 

Tədqiqatçılar vurğulayırlar ki, müalicəyə erkən mərhələdə, yəni insulin inyeksiyaları həyati əhəmiyyət kəsb etməmişdən əvvəl başlamaq daha yaxşıdır.

 

Bununla belə, “ustekinumab”ın effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə klinik sınaqlara ehtiyac olduğu da qeyd edilir.

 

 

Aysel

Digər xəbərlər