Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur.Lakin bunu anlamayan və uşağın cinsinə görə "narazı" olanlar da tapılır. Belə narazı olanların əksəriyyəti kişilərdir - "filankəsin 2 oğlu var, mənim isə...", "oğlan olmalıdır", "oğlan istəyirəm" və s.
Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət obyektinə çevrilir. Bu "rüsvayçılıqdan" qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır - saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm.
Bu məqalədə biz uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu sizə izah edərik.
Beləliklə,İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları daşıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.Qadınların xromosom dəsti 46XX kimi, kişilərin – 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.
Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı, yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom, ki sonra bu hüceyrələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.
Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir - onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.
Uşağın cinsi tamamilə atadan asılıdır. Yəni kişilərin spermatozoidlərinin tərkibində olan xromosomlar uşağın qız və ya oğlan olmasını təyin edir. Qadınlar isə yalnız X xromosomu verdikləri üçün bu prosesdə təsirli olmurlar.