Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

“Bakı Metropoliteni”nin xəttə buraxdığı Rusiya istehsalı olan köhnə vaqonların istismar müddəti demək olar ki, bitib. Onların kondisioner sistemi sıradan çıxıb, havalandırma yox dərəcəsindədir. Bir balaca sıxlıq olduqda, içəridə nəfəs almaq mümkün olmur. Son günlərdə qatarlarda yaranan nasazlıqlarla bağlı bir neçə hadisə baş verib. Qapılarda yaranan problemə görə vətəndaşlar yarı yolda vaqonlardan düşürdülür. Məsələ bundadır ki, nəqliyyatda gediş haqqının artırılması xidmət keyfiyyətini artırmayıb, o cümlədən metroda da. Hələ də sovetdən qalma qatarlardan istifadə edilirsə, deməli, keyfiyyətdən danışmağa dəyməz. Sabiq SSRİ-nin heç bir respublikasında artıq bu qatarlardan istifadə olunmur. Hələ bizim təzə hesab etdiyimiz qatarlar Avropa ölkələrində xəttə buraxılmaz. Bir sözlə, metromuz hələ də sovet vaxtında qalıb. Deməli, dünyanın gedişatından azı 40 il geridədir metromuz.

Maraqlıdır, niyə köhnə vaqonlar müasirləri ilə əvəz olunmur? Gediş haqqının artırılmasından sonra əldə edilən vəsait keyfiyyətin yüksəlməsinə xərclənmirsə, hara sərf olunur?

 

Nedtime.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirdi ki, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyətlə bağlı cəmiyyətə şəffaf informasiyalar verilmir:

 

“İlk növbədə onu nəzərə almaq lazımdır ki, "Bakı Metropoliteni" hər ilin yekunu olaraq ziyanla işlədiyinə dair hesabatlar verir. Bu il hesablama palatası “Bakı Metropoliteni”ndə maliyyə vəziyyətinin və qarşılıqlı dövlət borclarının vəziyyətinə dair audit həyata keçirib. Hələlik bu auditin nəticələri ilə bağlı ictimaiyyətə açıqlama verilməyib. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyət, metronun maliyyə durumu ilə bağlı mütəmadi olaraq cəmiyyətə şəffaf informasiyalar verilmir. Hesablamalar göstərir ki, “Bakı Metropoliteni” illik sərnişindaşımadan 60 milyon gəlir əldə edir.

iqtisadi vəziyyətin ağırlaşması səbəbindən Rusiyadakı "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin vaqon istehsalı ilə bağlı göstəricilər kifayət qədər aşağı düşüb. 2023 və 2024-cü illərdə ümumiyyətlə Bakı metrosuna yeni vaqonların alınması ilə bağlı hər hansı bir müqavilə imzalanmayıb. Biz sonuncu dəfə 6 yeni vaqonun Bakı metrosunun istifadəsinə verildiyinin şahidi olmuşuq. Bu gün “Bakı Metropoliten”in deposu demək olar ki, 80 faizə yaxını istismar müddətini başa vurmuş vaqonlarla dolub. Əvvəllər hər il orta hesabla metro qatarının yenilənməsi üçün 15 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu. 2018-ci ildə metronun inkişaf proqramı hazırlanmışdı. Lakin bu proqram tam olaraq icra edilmədi. Nəticə etibarilə də hər il üçün nəzərdə tutulan 12 yeni vaqonun alınması prosesi də ləngidi və son iki ildə qeyd etdiyimiz kimi, demək olar ki, dayanıb”.

Digər xəbərlər