Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bir çox ölkələrdə isə bu meyvəyə “cənnət xurması” deyirlər.
Qeyd edək ki, xurma əsasən Cənubi Afrika, Amerika ölkələrində geniş yayılıb. Xurma birtoxumlu, ətirli və şirin meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmız rəngdə olur. Azərbaycanda bu meyvənin əsasən korolyok və xirnik növləri yetişdirilir. Ölkəmizdə bu meyvə daha çox Cənub zonasında, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Balakən və Zaqatala rayonlarında yetişir. Ölkəmizdəki xurmanın tərkibində yod birləşmələri çox olduğundan onun mühim müalicəvi əhəmiyyəti var, xüsusən də qalxanvari vəz xəstəliklərində.
Medtime.az qeyd edir ki, xurma həmçinin mədə və bağırsaq xəstəlikləri üçün də dərman qədər əhəmiyyətə malikdir. Meyvənin tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır, mədəni gücləndirir, qastritin qarşısını ala bilir. Bağırsaq iltihabının sağalmasına çox mühüm təsir göstərir. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqanizmi xərçəng xəstəliyindən qoruyur. Beyni gücləndirir. Öskürəyin ən yaxşı dərmanıdır. Yəni, meyvə olaraq ən yaxşı sinə dərmanı hesab olunur. Xurma bəlğəmə, nəfəs borusuna təsir göstərir. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Eyni zamanda qanı təmizləyir, təzyiqi tənzimləyir. Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir.