Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qran Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.
Bu problemin həlli üçün tədris ilinin başlayacağı gün başqa tarixə keçirilə bilər? Bununla bağlı hansısa qərar nəzərdə tutulurmu?
Mövzu ilə bağlı Referans Elm və Təhsil Nazirliyinə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı hələ ki xüsusi qərar verilməyib. "Formula-1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə, aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı hələ ki yeni qərar verilmədiyinə görə, bu il də tədris prosesinin hər il olduğu kimi sentyabrın 15-də başlaması qüvvədədir.
Fidan Vəlisoy